Fransa millisinin və “Monako”nun hücumameyilli yarımmüdafiəçisi Maqnes Akliuş bundan sonra PSJ-nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, PSJ yay transfer pəncərəsinin əsas keçidlərindən birinə imza atıb. Paris təmsilçisi daha əvvəl “Monako”da çıxış edən Maqnes Akliuşun transferini rəsmən açıqlayıb.
Klublar arasındakı transferin məbləği 50 milyon avro təşkil edib. PSJ 24 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə bağlayıb. Akliuş yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Maqnes Akliuş müqavilə imzalandıqdan sonra təəssüratlarını bölüşüb:
“PSJ ilə müqavilə imzalamaq mənim üçün böyük şərəfdir. İl-de-Frans regionunda böyümüşəm və belə nüfuzlu kluba keçmək həm mənim, həm də ailəm üçün çox böyük məna daşıyır. Klub rəhbərliyinə göstərdiyi etimada görə təşəkkür edirəm. PSJ-nin formasını qorumaq üçün bütün gücümü sərf etmək imkanını səbirsizliklə gözləyirəm”.


