Maqnus Karlsen – Hans Nimann qarşıdurması məhkəməsiz bitdi

Norveçli qrossmeyster Maqnus Karlsenlə amerikan qrossmeyster Hans Nimann arasındakı münaqişə nəhayət ki, həllini tapıb.

Arena.az məlumat verir ki, ABŞ şahmatçısı Nimann “Chess.com” saytında bərpa edilib və hər iki oyunçu bir-biri ilə oynamaq istəyində olduğunu bildirib.

Xatırladaq ki, ötən il Karlsen amerikan qrossmeyster Nimana uduzduqdan sonra onu fırıldaqçılıqda ittiham etmişdi. Bir sıra xoşagəlməz şərhlər və əhvalatlardan sonra Hans Nimann məhkəməyə müraciət ünvanlayaraq, Karlsen tərəfindən təhqir edilmiş şərəf və ləyaqətinin təzminatı müqabilində norveçli şahmatçıya qarşı 100 milyon dollar məbləğində iddia qaldırmışdı.

Nəhayət bu gün “Chess.com” saytı qrossmeysterlər arasında əldə edilmiş razılaşma ilə bağlı açıqlama yayıb:

“Hazırda Hans “Chess.com” saytında tamamilə bərpa edilib. Biz onun tədbirlərimizə iştirakını səbirsizliklə gözləyirik. Həmçinin təsdiq etmək istərdik ki, Hans haqqında 2022-ci ilin oktyabrında açıqlanan hesabatımızın nəticələrinə sadiq qalırıq. O cümlədən onun heç bir oyunda fırıldaqçılığına dair qəti dəlil tapmadıq”, – bəyanatda deyilir.

“Mən “Chess.com”-un bəyanatını, o cümlədən Nimanın mənə qarşı fırıldaqçılığına dair qəti sübutun olmadığına dair onların sözlərini qəbul edirəm və başa düşürəm. Biz bir-birimizlə qarşılaşsaq, mən gələcək turnirlərdə Nimanla oynamağa hazıram”, deyə Maqnus Karlsen “Chess.com”-un araşdırmasının nəticəsini şərh edib.

Öz növbəsində Nimann da tərəflərin bəyanatını cavablayıb:

“Şadam ki, Maqnus Karlsenə və “Chess.com”-a qarşı iddiam qarşılıqlı məqbul surətdə həll edildi və mən isə “Chess.com” saytına qayıdıram. Mən Maqnusla məhkəmədə deyil, şahmatda döyüşmək fürsətini səbirsizliklə gözləyirəm”, Nimann bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: