Marin Ponqraçiç “Leççe”ni “Fiorentina”ya dəyişdi – 15 milyona

İtaliyanın “Leççe” klubunun xorvatiyalı mərkəz müdafiəçisi Marin Ponqraçiç bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Fiorentina” Ponqraçiçin keçidi üçün “Leççe”yə 15 milyon avro ödəyib. 26 yaşlı müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Marin Ponqraçiç xorvat olsa da, Almaniyada dünyaya göz açıb və bu ölkənin də vətəndaşlığına malikdir. O, Almaniyanın ən ünlü “Bayern” klubunun yetirməsidir. Karyerası ərzində “1860 Münhen”, “Zalsburq”, “Volfsburq”, “Borussiya” (Dortmund) kimi klubların da şərəfini qorumuş müdafiəçi, 2022-ci ilin yayından “Leççe”nin formasını geyinirdi. O, bu komandanın heyətində 47 oyun keçirib.

Ponqraçiç 2020-ci ilin noyabr ayında debüt etdiyi Xorvaiyanın əsas milli komandasının heyətində 10 oyuna çıxıb.

“Fiorentina”nın öz mərkəz müdafiəçisi Kristian Dalle Mura isə bu klubu azad agent kimi tərk edərək “Kozentsa”ya keçib. 22 yaşlı italyan futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.

Kristian Dalle Mura “Fiorentina”nın yetirməsidir. Florensiya klubunun əsas komandasında cəmi 1 oyun keçirmiş futbolçu SPAL, “Pordenone”, “Ternana”, “Reccina” və “Kremoneze” kimi klublarda icarədə olub. O, İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, Marin Ponqraçiçi “Fiorentina”ya satan “Leççe” sağ cinah müdafiəçisi Lorentso Venuti ilə də yollarını ayırıb. 29 yaşlı italyan futbolçu “Sampdoriya”ya keçib və bu klubla 2 illik müqavilə bağlayıb.

Lorentso Venuti də “Fiorentina”nın yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 100 oyuna çıxıb, 3 qol və 5 assistlə yadda qalıb. “Benevento”, “Breşiya” və “Peskara”da da oynamış futbolçu “Leççe”də 47 oyun keçirib. O, bu oyunlarda 3 qol və eyni sayda assist müəllifi olub. Venuti də İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, əsas millidə debüt etməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: