Mario Hermoso “Roma”ya keçdi, Kris Smollinq ayrıldı

Bu yay Madrid “Atletiko”sundan azad agent kimi ayrılmış ispaniyalı mərkəz müdafiəçisi Mario Hermoso “Roma”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik futbolçunun “canavarlar”la bağladığı müqavilənin müddəti açıqlanmır.

Mario Hermoso Madrid “Real”ının yetirməsidir. Ölkəsində “Valyadolid” və “Espanyol”un da şərəfini qorumuş 29 yaşlı ispan müdafiəçi 2019-cu ildən “Atletiko”nun uğurları üçün çalışırdı. O, Madrid klubunun heyətində 174 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Müdafiənin sol cinahında da oynamağı bacaran Hermoso, vaxtilə İspaniyanın U-19 yığmasında forma geyinib. 2018-ci ildə əsas millidə debüt matçına çıxmış Mario, İspaniya yığmasında cəmi 5 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kris Smollinqlə Joao Kosta Səudiyyə Ərəbistanına, Rik Karsdorp Niderlanda

Mario Hermosonun gəlişi ilə “Roma” digər mərkəz müdafiəçisi Kris Smollinqlə də yollarını ayırıb. Paytaxt təmsilçisi 34 yaşlı ingilis futbolçunu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fayha” klubuna satıb. Transferin detalları hələ açıqlanmayıb. Smollinq yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

İngiltərə milli komandasının sabiq üzvü olan Smollinq 2019-cu ilin avqust ayından “Roma”da çıxış edirdi. O, “canavarlar”ın heyətində bütövlükdə 155 matça çıxıb, 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Smollinqin İtaliya klubu ilə bu mövsümün sonunadək nəzərdə tutulmuş müqaviləsi var idi.

İngilis futbolçu karyerası ərzində “Mançester Yunayted” (323 oyun, 18 qol, 4 assist) və “Fulhem”in (19 oyun) də formasını geyinib. O, İngiltərə milli komandasında 31 oyun keçirib, 1 qol vurub.

“Roma” braziliyalı sağ vingeri Joao Kostanı da Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna satıb. 19 yaşlı futbolçunun satını italyanlara 9 milyon avro qazandırıb. Amma gənc oyunçunun yeni klubu ilə neçə illik müqavilə bağladığı hələ məlum deyil.

Braziliyanın “Palmeyras” və “Korintians” klublarının futbol akademiyasından keçmiş Joao Kosta 2021-ci ilin sentyabr ayından “Roma”da idi. O, “canavarlar”ın əsas komandasında cəmi 5 oyun keçirib, fərqlənə bilməyib.

“Roma”nın sağ cinah müdafiəçisi Rik Karsdorp da PSV-yə keçib. İtaliya klubunu azad agent kimi tərk etmiş niderlandlı futbolçu Eyndhoven təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

“Feyenoord”un yetirməsi olan Rik Karsdorp “Roma”ya 2017-ci ilin iyul ayında 16 milyon avro müqabilində keçmişdi. O, İtaliya klubunun heyətində 157 oyun keçirib, 1 qol və 16 assistlə yadda qalıb. Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 29 yaşlı müdafiəçi, əsas millidə cəmi 3 oyun keçirib.