Mario Lemina “Qalatasaray”la yeni müqaviləyə imza atdı

Qabon yığmasının və Türkiyə çempionu “Qalatasaray”ın dayaq yarımmüdafiəçisi Mario Lemina Super Liqa klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Yeni müqaviləyə əsasən qabonlu futbolçu 2028-ci ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, “Qalatasaray” daha öncə də xidmətindən yararlandığı Leminanı 2025-ci ilin fevralında İngiltərənin “Vulverhempton” klubundan 2,5 milyon avro müqabilində transfer edib. İstanbul nəhəngi Marionu 2019/2020-ci illər mövsümündə də “Sauthempton” klubundan icarəyə götürmüşdü.

Lemina “Qalatasaray”da bütövlükdə 85 oyun keçirib, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Mario Lemina karyerası ərzində “Vulverhempton”, “Nitsa”, “Sauthempton”, “Olimpik” (Marsel), “Yuventus”, “Fulhem”, “Loryan” kimi klubların da şərəfini qoruyub. Vaxtilə Fransanın U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçi 2015-ci ildən Qabon millisinə dəvət alır. O, yığmada 43 oyuna 5 qol vurub, 1 assist müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: