İspaniyanın “Barselona” klubunun dayaq yarımmüdafiəçisi Mark Kasado bundan sonra “Deportivo”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Deportivo” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Kasado mövsümün sonunadək La Korunya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avroluq satınalma bəndi də yer alıb.
Mark Kasado “Barselona”nın yetirməsidir. İspan futbolçu bu klubun əsas komandasında 75 oyun keçirib, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.
Kasado 2024-cü ildə debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
“Barselona”nın müdafiəçisi Hektor Fort da La Liqanın digər təmsilçisi “Real Sosyedad”a keçib. Sosyedad təmsilçisi bu keçid üçün Kataloniya klubuna 8,5 milyon abro ödəyib. 20 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Hektor Fort da “Barselona”nın yetirməsidir. İspan müdafiəçi bu klubun əsas komandasında 30 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub.
Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 17 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Barsa” mərkəz müdafiəçisi Alvaro Kortesi də Belçikanın “Antverpen” klubuna satıb. İspaniya çempionu bu satışdan 3,5 milyon avro qazanıb. 21 yaşlı ispan futbolçu Belçika klubu ilə 4 illik sözləşməyə imza atıb.
Alvaro Kortes “Saraqosa”nın yetirməsi olsa da, 2021-ci ildən “Barselona”nın sistemində idi. O, Kataloniya klubunun əsas komandasında cəmi 1 oyun keçirib.
“Barselona” hücumameyilli yarımmüdafiəçisi Toni Fernandesi də İtaliyanın “Venesiya” klubuna icarəyə verib. A Seriyası təmsilçisi 18 yaşlı ispan futbolçunu satınalma şərti ilə heyətinə qatıb.
Futbola “Espanyol”da başlamış Toni Fernandes 2018-ci ildən “Barsa”nın sistemində idi. Yeniyetmə futbolçu Kataloniya klubunun əsas komandasında 2 oyun keçirib.
“Barsa” 18 yaşlı Toni Fernandesin geri almaq hüququnu və onun gələcək satışından faiz payını özündə saxlayıb.


