Mark Overmars futboldan kənarlaşdırıla bilər

Belçikanın “Antverpen” klubunun idman direktoru, holland mütəxəssis Mark Overmars beynəlxalq diskvalifikasiyaya məruz qala bilər.

Arena.az bu barədə “De Telegraaf” nəşrinə istinadən məlumat verir.

Cəzalanacağı halda, Overmarsın dünyanın bütün futbol liqalarında işləməsinə qadağa qoyula bilər. Daha əvvəl Niderland Kral Futbol İttifaqı (KNVB) Overmarsı ölkə futbolundan kənarlaşdırıb.

Bildirilir ki, indi Niderland Kral Futbol İttifaqı sabiq futbol funksionerinin diskvalifikasiyası üçün FIFA-ya müraciət edib. Hazırda FIFA-nın nizam-intizam komitəsi Overmarsın diskvalifikasiya statusunun milli statusdan qlobal statusa dəyişdirilib-dəyişdirilməyəcəyinə qərar vermək üçün məsələni baxışdan keçirir.

Overmarsın FIFA-nın belə bir qərarı veriləcəyi təqdirdə qərardab apellyasiya şikayəti vermək hüququ olduğu vurğulanır.

Xatırladaq ki, noyabrın ortalarında Niderland İdman Hüququ İnstitutu (ISR) Overmarsı “Ayaks”da peşəkar fəaliyyət göstərdiyi dövrdə klubun qadın əməkdaşlarından birinə cinsiyyət üzvünün fotosunu göndərdiyinə görə, 2 il müddətinə Niderland futbolunda fəaliyyətdən kənarlaşdırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: