Mark Santos Lamin Yamalın rekordunu yenilədi

“Levante”nin müdafiəçisi Mark Santos İspaniya La Liqasında debüt edərək “Barselona”nın vingeri Lamin Yamalın rekordunu təzələyib.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

İspaniyanın U-16 millisinin üzvü İspaniya La Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turunda “Espanyol”a qarşı matçın (0:3) 64-cü dəqiqəsində İvan Romeronu əvəzləyib.

15 yaş 288 günlüyündə oyuna qoşulan sol cinah müdafiəçisi klub tarixinin ən gənc debütantı olmaqla yanaşı, Lamin Yamalın göstəricisini 2 gün üstələyib.

Mark Santos bununla 1933-cü ildə “Donostia”nın heyətində eyni yaşda debüt etmiş Pedro İrastorsa ilə birlikdə La Liqa tarixinin ən gənc 3-cü oyunçusu ünvanına şərik olub. Turnirin mütləq rekordçusu 2019/2020-ci illər mövsümündə “Malyorka”nın formasında 15 yaş 219 günlüyündə meydana çıxan Luka Romerodur. İkinci sırada isə 1939/1940-cı illər mövsümündə “Selta”da 15 yaş 255 günlüyündə debüt edən Sanson qərarlaşıb.

Qeyd edək ki, Lamin Yamal 21-ci əsrdə La Liqa matçına əsas heyətdə çıxan ən gənc futbolçu (2023-cü ildə 16 yaş 38 günlüyündə) ünvanını qoruyur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: