Marko Pelleqrino və Şaka Traore “Milan”dan ayrıldılar

İtaliyanın “Milan” klubu iki futbolçusunu – mərkəz müdafiəçisi Marko Pelleqrino və sol cinah vingeri Şaka Traoreni icarəyə göndərib.

Arena.az xəbər verir ki, Traore “Palermo”ya, Pelleqrino isə “Salernitana”ya keçib.

“Palermo” Şakanı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Pelleqrino isə mövsüm bitən kimi mütləq “Milan”ın düşərgəsinə qayıdacaq.

19 yaşlı Şaka Traore “Parma”nın yetirməsidir. Kot-d’İvuardan olan futbolçu “Milan”ın əsas komandasında 4 oyuna çıxıb, 2 qol vurub.

Marko Pelleqrino isə Argentinanın “Platense” klubunun yetirməsidir. Bu mövsümün əvvəlində 3,5 miyon avro qarşılığında “Milan”a gəlmiş argentinalı futbolçu İtaliya klubunun əsas komandasında cəmi 1 matça çıxıb. 21 yaşlı futbolçu Argentinanın U-23 yığmasına da dəvət alır.

“Salernitana” uzun müddətdir azad agent statusunda olan “Bayern”in sabiq mərkəz müdafiəçisi, veteran Jerom Boatenqlə də müqavilə imzalayıb. 35 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.

Xatırladaq ki, Boatenq 2021-ci ilin sentyabrında “Bayern”i azad agent qismində tərk edərək Lion “Olimpik”inə keçmişdi. Jerom 2023-cü ilin iyulundan azad agent qismindəydi. Boatenq “Olimpik”də ümumilikdə 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu “Tennis Borussiya Berlin”, “Herta”, “Hamburq” və “Mançester Siti”də çıxış edib. Məhz “Mançester Siti”dən 2011-ci ilin iyulunda 13,5 milyon avro qarşılığında “Bayern”ə keçmiş Boatenq 10 il münhenlilər üçün çalışıb.
O, bu klubdakı çıxışı müddətində 363 oyun keçirib, 10 qol vurub, 25 məhsuldar ötürmə verib.

Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.

“Salernitana” daha ikisini gətirib, ikisi ilə vidalaşdı

“Salernitana” Yunanıstanın OFİ klubunun mərkəz müdafiəçisi Triantafillos Pasalidisi də transfer edib. 27 yaşlı yunan futbolçu üçün 250 min avro ödəmiş İtaliya klubu onunla 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Pasalidis daha öncə “Asteras” (Tripoli) və “Exiniakos” kimi klublarda, Yunanıstanın U-21 yığmasında da forma geyinib.

“Piza”nın sağ cinah vingeri Emanuel Vinyato da bundan sonra karyerasını “Salernitana”da davam etdirəcək. “Salernitana” onu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. 23 yaşlı italyan futbolçu karyerası ərzində “Kyevo”, “Bolonya”, “Empoli” kimi klublarda da forma geyinib, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarına oynayıb.

“Salernitana” öz futbolçularından da birini icarəyə göndərib. İtaliya klubu 22 yaşlı avstriyalı mərkəz müdafiəçisi Flavius Danilyuku “Zalsburq”a icarəyə verib. Müqavilədə satınalmaya dair şərt yoxdur. “Salernitana”da 42 oyuna 2 assist müəllifi olmuş futbolçu “Nitsa”da da oynayıb. “Bayern”in yetirməsi Avstriyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, əsas millidə 1 oyun keçirib.

“Salernitana”nın 23 yaşlı norveçli hücumçusu Erik Botheym isə “Malmö”yə transfer olub. O, azad agent kimi keçdiyi yeni klubu ilə 2027-ci ilin 31 dekabrına kimi anlaşıb. Botheym İtaliya klubunun heyətində 39 oyuna cəmi 1 qol vurub, 3 assist edib. Norveçli forvard “Bodo Qlimt”, “Rusenborq”, “Stabek” kimi klubların da formasını tərlədib.

Xəbəri sosial şəbəkələrdə paylaş: