“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç və sağ cinah müdafiəçisi Marko Veşoviç Monteneqro yığmasında növbəti matça çıxıblar.
Arena.az xəbər verir ki, olarınn formasını geyindiyi komanda bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Litva yığması ilə qarşılaşıb.
Qrup mərhələsinin 9-cu turu çərçivəsində baş tutan bu qarşılaşma Monteneqroda keçirilib. Meydan sahibləri inamlı qələbəyə seviniblər – 2:0.
Markolar bu oyuna start heyətdə başlayıblər. Veşoviç sona qədər oynayıbsa, Yankoviç 79-cu dəqiqədə əvəzlənib.
G qrupunda yer alan Monteneqro yığması 7 oyundan sonra topladığı 11 xalla 5 komanda arasında 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda növbəti matçını noyabrın 19-da səfərdə Macarıstan yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Marko Yankoviç 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 43 oyun keçirib, 1 qola imza atıb. O, 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 28 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 62 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Marko Veşoviç isə 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 50 oyun keçirib, 2 qola imza atıb. O, 2021-ci ilin iyul ayından çıxış etdiyi Ağdam klubunun heyətində 83 oyun keçirib, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


