Markos Alonso “Barselona” ilə yeni müqavilə bağladı

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Markos Alonso La Liqa nəhənhi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi. “Barselona” futbolçuya qoyduğu qiyməti isə dəyişməz saxlayıb. Belə ki, 2024-cü ilin 30 iyununa qədər Alonsonu heyətinə qatmaq istəyən klub “Barsa”ya 50 milyon avro ödəməlidir.

Xatırladaq ki, Markos Alonso 2022-ci ilin sentyabrında İngiltərənin “Çelsi” klubundan ayrılaraq “Barselona” ilə 1 illik müqavilə imzalamışdı. 32 yaşlı müdafiəçi cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub.

Alonso “Barselona”nın əzəli rəqibi olan Madrid “Real”ının yetirməsidir. O, karyerası ərzində “Bolton”, “Fiorentina”, “Sanderlend” və “Çelsi”nin də uğurları üçün çalışıb. Təcrübəli futbolçu İspaniya yığmasında 9 oyuna çıxıb.

Yeri gəlmişkən, “Barselona” gənc futbolçusu Anxel Alarkonla da yeni müqavilə imzalayıb. Kataloniya klubu 18 yaşlı vingeri ilə sözləşmə müddətini 2025-ci ilin yayınadək uzadıb. Anlaşmaya salınan bəndə görə, ispaniyalı oyunçunun sərbəst qalma məbləği 400 milyon avrodur. Anxel Alarkon “Barselona”nın akademiyasına 2018-ci ildə “Espanyol”dan cəlb olunub. O, klubun əsas komandasında da 1 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: