İspaniyanın “Barselona” klubunun müdafiəçisi Markos Alonso gələcəyi, eləcə də Kataloniya təmsilçisindəki dəyişikliklər haqda danışıb.
Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Hazırda harada oynayacağımı belə, bilmirəm. Ümidvaram ki, tezliklə xəbərlər olacaq.
Xavinin gedişi? Hamı kimi mən də klubdakı dəyişikliklərə təəccüblənirəm, amma belə məqamlar olur. Komanda növbəti mövsümə diqqət yetirməli və ona yüksək səviyyədə başlamalıdır”, deyə Alonso vurğulayıb.
Alonso “Real”ın futbol akademiyasının yetirməsidir. Amma əsas komandada cəmi 1 oyun keçirib və elə, İspaniya nəhənginin ehtiyat komandası “Kastilya”dan “Bolton”a transfer edilib. Sonrakı illərdə Alonso “Fiorentina” və “Sanderlend” arasında icarə və satış üzrə var-gəl edib, 2016-cı ilin avqustunda “Çelsi”yə, 2022-ci ilin sentyabrında isə “zadəganlar”ın düşərgəsindən “Barselona”ya keçib.
Alonsonun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Alonso kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyuna çıxıb. Alonsonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 45 oyun, 3 qol.
Alonoso “Barselona” ilə 2022/2023 mövsümündə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub. Həmçinin Alonso “Çelsi” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Markos Alonso 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı “Barselona”nın 33 yaşlı veteran ispan sol cinah müdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


