“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i hücumçusu Dario Benedetto ilə vidalaşıb. Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Argentinalı hücumçu ölkəsinin “Boka Xuniors” komandasına qayıdıb. Marsel təmsilçisi bu oyunçunu 2019-cu ildə məhz sözügedən klubdan 14 milyon avroya transfer etmişdi. “Boka Xuniors” isə sabiq hücumçusunu geri qaytarmaq üçün fransızlara cəmi 3 milyon avro ödəyib.
Benedetto “Olimpik”in heyətində bütövlükdə 71 oyuna çıxıb. O, bu matçlarda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 32 yaşlı forvard cari mövsümün ilk hissəsini icarə əsasında İspaniya “Elçe”sində keçirib. La Liqa klubunda 16 matça çıxan futbolçu, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Dario “Boka Xuniors”da 2016-2019-cu illər aralığında forma geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 75 matçda 45 qol vurub. Argentina yığmasının sabiq hücumçusu “Arsenal” (Sarandi), “Defensa və Xustisiya”, “Ximnasiya de Xuxuy”, “Tixuana” və “Amerika” kimi klubların da formasını geyinib.
“Qarabağ”la Marsel “Olimpik”i arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə fevralın 24-də Bakıda baş tutacaq.


