Marselo Brozoviç “Əl-Nəsr”ə lazım olmadı

Futbol üzrə Xorvatiya millisinin keçmiş dayaq yarımmüdafiəçisi Marselo Brozoviç Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə yeni müqavilə bağlamağa ehtiyac duyulmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Yarımmüdafiəçi “Əl-Nəsr”də keçirdiyi 3 mövsümdə 124 oyuna çıxıb, 8 qol vurub, 23 məhsuldar ötürmə edib və ölkə çempionu olub.

Brozoviç 2023-cü ilin iyul ayından “Əl-Nəsr”də çıxış edirdi. Səudiyyə Ərəbistanı klubu həmin vaxt onu Milan “İnter”indən 18 milyon avro müqabilində heyətinə qatmışdı.

Marselo Brozoviç daha öncə ölkəsində “Dinamo” (Zaqreb), “Lokomotiva” və “Hrvatski Draqovolyaç” klublarında da forma geyinib. Onun karyerasının böyük hissəsi “İnter”də keçib. Marselo 2015-ci ildən “Əl-Nəsr”ə keçənə qədər bu komandanın heyətində 300-dən çox oyun keçirib, xeyli titul qazanıb. Ümumilikdə Brozoviçin 8 illik “İnter” karyerası belədir: 330 oyun, 31 qol, 43 məhsuldar ötürmə. Yarımmüdafiəçi Milan klubu ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku, 2 İtaliya Super Kuboku.

Brozoviçin titulları arasında vaxtilə Zaqreb “Dinamo”su ilə 3 Xorvatiya çempionluğu və 1 Xorvatiya Super Kuboku da var.

Marselo 2014-cü ilin iyun ayında debüt etdiyi Xorvatiya yığma komandasında meydana çıxdığı 99 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, milli ilə dünya çempionatının gümüş (2018) və bürünc (2022) medalçısı olub, həmçinin AÇ-2024-də də iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: