Martin Kaseres də “Fiorentina”dan getdi

İtaliyanın “Fiorentina” klubu müdafiəçisi Martin Kaseres ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 34 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bitib. Tərəflər həmin müqaviləni yeniləməkdə maraqlı olmayıblar və yollarını ayırıblar.

Uruqvaylı futbolçu 2019-cu ildən “Fiorentina”nın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 61 oyunda 4 qolla yadda qalıb.

Martin Kaseres daha öncə İtaliyada “Yuventus”, “Latsio”, “Verona” klublarının da uğurları üçün çalışıb. Karyerasına Uruqvay “Defensor”unda başlayan futbolçu İspaniyada “Vilyarreal, “Rekreativo”, “Barselona” və “Sevilya” komandalarının da formasını geyinib. 2017-ci ildə isə o, qısa müddət İngiltərənin “Sauthempton” klubunda da çıxış edib.

Kaseres 2007-ci ildən formasını geyindiyi Uruqvay yığmasında 100-dən çox oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: