Mattia De Şilyo “Empoli”yə keçdi

İtaliyanın “Yuventus” klubunun sağ cinah müdafiəçisi Mattia De Şilyo icarə müqaviləsi əsasında “Empol”iyə keçib.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı italyan futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Mattia De Şilyo “Milan”ın yetirməsidir. O, 2011-2017-ci illər aralığında məhz bu klubun uğurları üçün çalışıb. 2017-ci ildə isə futbolçu “Yuventus”a transfer olunub. İtaliya yığmasının da üzvü olan müdafiəçi Turin təmsilçisində 1167 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. 29 yaşlı futbolçu 2020/21 mövsümündə Fransanın “Olimpik” (Lion) klubunda da icarədə olub. O, İtaliya yığmasında meydana çıxdığı 40 oyuna 3 assistlə yadda qalıb.

“Empoli” “Salernitana”nın sağ cinah müdafiəçisi Junior Sambiyanı da icarəyə götürüb. O da bu mövsümün sonuna kimi icarədə olacaq. Sambiya 2022-ci ildən formasını geyindiyi “Salernitana”da 42 oyuna 1 qol və 3 assist müəllifi olub. 27 yaşlı fransalı futbolçu “Monpelye”, “Nyor” kimi klublarda da oynayıb.

“Torino”nun iki futbolçusu – hücumçu Pyetro Pelleqri və mərkəz müdafiəçisi Saba Sazonov da “Empoli”yə keçib. Sözügedən klub onların hər ikisini bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“Cenoa”nın yetirməsi olan Pyetro Pelleqri “Monako” və “Milan”da da oynayıb. 2022-ci ilin yanvarında “Torino”da olan 23 yaşlı italyan forvard bu komandada 55 oyuna çıxıb, 6 qol vurub, 2 assistlə yadda qalıb. O, İtaliya millisində də 1 oyun keçirib.

Saba Sazonov isə “Zenit”in yetirməsidir. “Torino” gürcüstanlı müdafiəçini 2023-cü ilin yayında Moksva “Dinamo”sundan transfer etmişdi. 22 yaşlı müdafiəçi Turin klubunun heyətində cəmi 13 oyuna çıxıb. O, Gürcüstan yığmasında da 3 oyun keçirib.

“Empoli”də 2 ayrılıq

“Empoli” 2 futbolçusu ilə də yollarını ayırıb. Sloveniyadan olan 28 yaşlı sağ cinah müdafiəçisi Petar Stoyanoviç “Salernitana”ya icarəyə verilib. “Empoli”də 66 oyun (1 qol, 3 assist) keçirmiş futbolçu, “Dinamo” (Zaqreb), “Maribor”, “Sampdoriya”, “Verzey” kimi klublarda da oynayıb. O, Sloveniya yığmasında 56 oyuna 3 qol vurub.

Hücumçu Stiven Şpendi isə “Karrareze”yə icarəyə verib. 21 yaşlı albaniyalı futbolçu “Empoli”də meydana çıxdığı 13 oyunda fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: