Maurisio Poçettino Mixaylo Mudrikin tərəqqisindən danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino London komandasının İngiltərə Premyer Liqasındakı iddialarından danışıb.

Arena.az argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz Premyer Liqanı qazanmaq istəyirik. Bəli, bir gün bunu edəcəyik. Yoxsa, şübhəsiz ki, başqa bir məşqçi heyəti qazanacaq, çünki bu, mütləq olacaq. Azarkeşlərimiz başa düşməlidirlər ki, “Çelsi” indi fərqli fikirləri olan yeni bir layihədir”.

Maurisio Poçettino “zadəganlar”ın ukraynalı vingeri Mixaylo Mudrik kimi oyunçularla işinin klubun gələcəkdə Premyer Liqa çempionu olmasına kömək edəcəyinə inanır:

“Mən onun yetkinləşdiyini gördüm. O, yaxşılaşmaq, daha yetkin olmaq və harada olduğunu başa düşmək üçün vaxta ehtiyacı olan bir oyunçunun yaxşı nümunəsidir. Onların hamısına vaxt gərəkdir. Belə oyunçularla işləmək təcrübəmiz var, amma komandamızda köməyə ehtiyacı olan çoxlu insan var”, deyə “Poç” vurğulayıb.

Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Cari mövsümdə Mudrik “zadəganlar”ın heyətində 31 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “Çelsi”də bütövlükdə 48 matça çıxıb, 6 qol və 6 assistlə yadda qalıb.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 18 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: