Maurisio Sarri “Latsio”dan ayrıldı, yeni baş məşqçi bilindi

İtaliyan mütəxəssis Maurisio Sarri “Latsio”nun baş məşqçisi vəzifəsindən istefa verərək, Roma təmsilçisi ilə yolların ayırıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Sarrinin qərarı müqabilində “Latsio” buna rəsmi bəyanatla qarşılıq verib – italyan mütəxəssisə minnətdarlığını ifadə edib, uğurlar diləyib, həmçinin “Latsio”nun sükanı arxasına təyinatını açıqlayıb:

“Klub əldə edilmiş məqsədlərə və görülmüş işlərə görə məşqçiyə təşəkkür edir, ona şəxsi və peşəkar uğurlar arzulayır.

Klub komandanın rəhbərliyini Covanni Martuşyelloya həvalə etmək qərarına gəldiyini açıqlayır”, – “Latsio”nun rəsmi bəyanatında bildirilir.

Vurğulayaq ki, Sarrinin istefaya göndəriləcəyi haqda şayiələr “Latsio”nun Çempionlar Liqası 1/8 final mərhələsində “Bayern”lə cavab oyununda məğlubiyyətindən sonra meydana çıxmışdı. Xatırladaq ki, “Latsio” ilk oyunda Romada 1:0 hesablı qələbə qazansa da, cavab oyununda 0:3 hesabı ilə büdrəyərək, mötəbər yarışda iştirakına xitam vermişdi.

Bundan sonra isə “Latsio” rəhbərliyi müvafiq şayiələr mənzərəsində italyan mütəxəssisə etimad etdiyini rəsmən açıqlamışdı. Amma göründüyü kimi, Sarri öz xoşu ilə “qartallar”la yolunu ayırıb.

Maurisio Sarri “Latsio”nun sükanı arxasına 2021-ci ilin iyununda keçib. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Hazırda Sarridən “miras” qalmış “Latsio” İtaliya A Seriyasının yarış cədvəlində 28 oyundan 40 xalla 9-cu pillədə qərarlaşıb.

Covanni Martuşyello Sarrinin köməkçilərindən biri idi. 52 yaşlı mütəxəssisin nə vaxta qədər komandaya rəhbərlik edəcəyi bəlli deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: