Mayk Tresor Premyer Liqa klubunda

Futbol üzrə Belçika yığmasının və “Genk”in sol cinah vingeri Mayk Tresor Ndayişimiye İngiltərənin “Börnli” klubuna keçib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

“Anderlext”in yetirməsi olan Mayk Tresor “Neymegen” və “Villem II” klublarında da forma geyinib. O, bu ilin yayında debüt etdiyi Belçika millisində də 2 oyun keçirib.

“Bristol Siti”nin dayaq yarımmüdafiəçisi Han-Noa Massenqo da “Börnli”yə keçib. Premyer Liqa klubu onunla azad agent kimi 4 illik müqavilə bağlayıb. 22 yaşlı fransız “Monako”nun yetirməsidir. O, 2019-cu ildən “Bristol Siti”nin uğurları üçün çalışırdı. İngiltərə klubu vaxtilə 8 milyon avroya aldığı bu oyunçunu ötən mövsüm “Oser”ə icarəyə vermişdi.

“Börnli”nin dayaq yarımmüdafiəçisi Samuel Bastien isə Türkiyənin “Kasımpaşa” klubuna keçib. Konqo DR yığmasının üzvü olan 26 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Samuel “Börnli”dən öncə “Anderlext”, “Avellino”, “Verona”, “Standard” (Lyej) klublarında da forma geyinib. Belçikada dünyaya göz açan, bu ölkənin U-19 və U-21 yığmalarında oynamış futbolçu 2021-ci ildən Konqo millisində çıxış edir. O, yığmada 8 oyun keçirib.

“Kasımpaşa” Fransanın “Oser” klubunun hücumçusu Nuno Da Kostanı da heyətinə qatıb. Kabo Verde yığmasında cəmi 3 oyun keçirib, 1 qol vurmuş 32 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu “Oser”dən öncə “Kan”, “Muskron”, “Nottingem Forest”, “Strasburq”, “Valensyen” kimi klubların formasını geyinib.

“Kasımpaşa” Belçikanın “Mexelen” klubunun hücumçusu Jülyen Nqoyu da icarəyə götürüb. 25 yaşlı belçikalı forvard bu mövsümün sonuna kimi Super Liqa təmsilçisində çıxış edəcək. O, “Mexelen”dən öncə “Stok Siti”, “Uolsol”, “Qrasshopper” və “Eupen”də də forma geyinib.

“Kasımpaşa”nın yarımmüdafiəçisi Valentin Eysserik isə Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ə keçib. 31 yaşlı fransız yeni klubu ilə 1 illik müqavilə bağlayıb. O, 2021-ci ildə “Fiorentina”dan “Kasımpaşa”ya keçmişdi. Təcrübəli oyunçu “Monako”, “Nitsa”, “Sent Etyen”, “nant” və “Verona”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: