Mergim Berişa satıldı, “Fənərbaxça” bu qədər qazandı

Türkiyənin “Fənərbaxça” klubu 3 futbolçusu – Mergim Berişa, Dimitrios Pelkas və Ezcan Alioski ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, İstanbul klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ezcan Alioski 2022-ci ilin avqustunda “Əl-Əhli”dən icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Bir mövsümlük icarəyə götürülmüş 31 yaşlı futbolçunun icarə müddəti bitib. İstanbul klubu Şimali Makedoniyadan olan oyunçunu heyətində saxlamağa ehtiyac duymayıb. Sol cinah müdafiəçisi bu komandanın heyətində 26 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Dimitrios Pelkas 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 67 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. İstanbul təmsilçisi 2022-ci ilin sentyabrında onu İngiltərənin “Hall Siti” klubuna icarəyə vermişdi. Yunanıstan yığmasında 30 oyuna 2 qol vurmuş Pelkas PAOK, “Apollon” (Kalamarayas) və “Vitoriya” (Setubal) klublarının da formasını geyinib.

Mergim Berişa isə Almaniyanın “Auqsburq” klubuna satılıb. Bundesliqa təmsilçisi alman futbolçunu 2022-ci ilin avqustunda icarəyə götürmüşdü. 25 yaşlı hücumçunun bir mövsümlük icarəsi üçün “Fənərbaxça”ya 300 min avro ödənilmişdi. Onun birdəfəlik transferi isə “Auqsburq”a 4 milyon avroya başa gəlib. Berişa geridə qalan mövsümdə bu komandada 23 oyuna çıxıb, 9 qol və 4 assistlə yadda qalıb.

“Fənərbaxça” Mergimi 2021-ci ilin sentyabrında “Zalsburq”dan 5 milyon avroya transfer etmişdi. Almaniyalı forvard bu komandanın heyətində meydana çıxdığı 32 oyunda 8 qola imza atıb. Hücumçu daha öncə “Liferinq”, LASK, “Maqdeburq” və “Altax” kimi komandalarda da çıxış edib. O, Almaniya yığmasında da 2 oyun keçirib.

Kentlə müqavilə imzalandı, Qustavonun transfer hüququ alındı

Yeri gəlmişkən, “Fənərbaxça” bu yay Şotlandiyanın “Reyncers” klubundan transfer etdiyi sol cinah vingeri Rayan Kentlə də rəsmi müqavilə bağlayıb. Klub hələ bir müddət öncə onun transferini açıqlasa da, futbolçu İstanbula ötən gün gəlib və rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Kent, Super Liqa təmsilçisinə azad agent kimi qoşulub. Çünki futbolçunun Şotlandiya klubu ilə müqaviləsinin müddəti ötən ayın sonunda başa çatıb.

Xatırladaq ki, Rayan Kent “Liverpul”un yetirməsidir. O, daha öncə “Koventri Siti”, “Barnsli”, “Frayburq”, “Bristol Siti” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2018-ci ilin iyul ayından “Reyncers”də çıxış edirdi. O, bu komandanın heyətində 218 matça çıxıb, 33 qol və 56 məhsuldar ötürmə müəllifi olub. Rayan İngiltərənin U-18 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb

“Fənərbaxça” 2022-ci ilin yayında “Flamenqo”dan icarəyə götürdüyü braziliyalı mərkəz müdafiəçisi Qustavo Enrikenin transfer hüquqlarını da alıb. İstanbul təmsilçisinin 30 yaşlı futbolçunun birdəfəlik keçidi üçün 1,4 milyon avro ödədiyi iddia olunur. Amma klublar hələ bu transferi rəsmən açıqlamayıblar.

Qustavo Enrike geridə qalan mövsümdə İstanbul klubunun heyətində 23 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 2 assistə də imza atıb. Daha öncə “Santos” və “Flamenqo”da çıxış etmiş müdafiəçi Braziliyanın U-20 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: