Merih Demiral Lilian Türamın nailiyyətini təkrarladı

AÇ-2024-ün 1/8 finalının Avstriya yığması ilə oyunu (2:1) Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Demiral “ay-ulduzlular”ın hər iki qoluna imza atmaqla, Türkiyə millisinin qələbəsinə müstəsna töhfə verib.

“OptaJean” dərgisinin təqdim etdiyi məlumata görə, bununla da Demiral mötəbər yarışların (dünya və Avropa çempionatları) ələmə mərhələsində dübarə fərqlənərək, komandasına qələbə qazandırmağı bacarmış ikinci mərkəz müdafiəçisi olub. Müvafiq uğuru ilə Demiral, DÇ-98-in yarımfinal mərhələsinin Xorvatiya yığması ilə oyununda (2:1) iki qol vurmuş, Fransa yığmasının mərkəz müdafiəçisi Lilian Türamın nailiyyətini təkrarlayıb.

Merih Demiral futbola “Karamürsel” klubunda qədəm qoyub. Buradan “Fənərbaxça”nın futbol akademiyasında yol tapmış müdafiəçi sonralar Portuqaliyaya yollanıb. O, Portuqaliyada “Alkanenense” və Lissabon “Sportinq”ində çıxış edib. Sonralar türk müdafiəçi “Alanyaspor”, “Sassuolo”, “Yuventus” və “Atalanta”nın uğurları üçün çalışıb.

2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Əhli” Merih Demiralı 16,6 milyon avro məbləğ müqabilində “Atalanta”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubunun türk futbolçu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Demiral “Əl-Əhli”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Merih Demiral 2018-ci ilin noyabrında debüt etdiyi Türkiyə millisinin heyətində 48 oyun keçirib. Müdafiəi bu matçlarda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Merih Demiralın qənimətlər müzeyində “Yuventus”la qazandığı 3 kubok var – İtaliya A Seriya (2019/2020), İtaliya Kuboku (2020/2021) və İyaliya Super Kuboku (2020/2021).

“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: