Mett O’Rayli “Brayton”da – 29,5 milyon avroluq transfer

Şotlandiyanın “Seltik” klubunun mərkəz yarımmüdafiəçisi Mett O’Rayli bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer 29,5 milyon avroya gerçəkləşdirib. 23 yaşlı danimarkalı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Mett O’Rayli İngiltərənin paytaxtı Londonda dünyaya göz açıb, futbola “Fulhem” klubunun akademiyasında başlayıb. İngiltərədə “Milton-Kins Dons”da da forma geyinmiş yarımmüdafiəçi, 2022-ci ilin yanvarında məhz bu klubdan 1,8 milyon avro müqabilində “Seltik”ə keçib. Şotlandiya klubunun heyətində 124 oyun keçirmiş futbolçu, bu görüşlərdə 27 qola imza atıb, 35 məhsuldar ötürmə müəllifi olub.

Vaxtilə İngiltərənin U-16 və U-18 yığmalarında oynamış Mett O’Rayli, 2022-ci ildən Danimarkanın U-21, 2023-cü ildən isə əsas millisində forma geyinməyə başlayıb. O, Danimarka yığmasında 2 oyun keçirib.

“Brayton” iki futbolçusunu da icarəyə verib. Argentinalı sol cinah müdafiəçisi Valentin Barko İspaniyanın “Sevilya”, seneqallı sağ vinger Abdallah Sima isə Fransanın “Brest” klubuna keçib. Hər iki futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

Valentin Barko “Boka Xuniors”un yetirməsidir. “Brayton” onu 2024-cü ilin yanvarında 9,15 milyon avroya məhz Argentina klubundan transfer edib. 20 yaşlı futbolçu İngiltərə klubunun heyətində cəmi 7 oyun keçirib.

Abdallah Sima isə “Brayton”a 2021-ci ilin avqustunda Praqa “Slaviya”sından 8 milyon avro müqabilində keçib. Amma ona Premyer Liqa təmsilçisinin əsas komandasında debüt etmək qismət olmayıb. Belə ki, futbolçu həmin dövrdən bəri “Reyncers”, “Anje”, “Stok Siti” kimi klublarda icarədə olub. Sima Seneqal yığmasında da 7 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: