Meydanda ürəyi dayanan Tom Lokyerin son durumu açıqlandı

İngiltərənin “Luton Taun” klubu, komandanın müdafiəçisi və kapitanı Tom Lokyerin hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb.

Arena.az İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Bornmut”la oyununda ürək tutması keçirmiş müdafiəçi Tom Lokyerin hazırkı vəziyyəti ilə bağlı açıqlamanı təqdim edir:

“Kapitanımız Tom Lokyer dünən “Bornmut”a qarşı meydanda ürək tutmasından sonra xəstəxanada qalsa da, azarkeşlərin ondan narahat olduğunu və bir çox mətbuat orqanının onun vəziyyəti ilə maraqlandığını başa düşürük.

Tom hələ də yoxlamalardan və müayinələrdən keçir. Biz onun sağalması üçün növbəti addımları müəyyən etməzdən əvvəl nəticələri gözləyirik.

Biz onun vəziyyəti ilə bağlı dərhal şərh verə bilmirik. Bütün mətbuat mənsublarından vaxt gəldikdə klubun rəsmi kanalları vasitəsilə yenilikləri gözləmələrini xahiş edirik.

Biz Tom, onun rəfiqəsi Teylor və bütün Lokyer ailəsinə ən yaxşısını diləyirik və nəzakətlə bu çətin anda ona və onların şəxsi həyatına hörmət etməyinizi xahiş edirik” – “Luton Taun”un bu barədə rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, oyunun 59-cu dəqiqədə Lokyer huşunu itirib, ot üzərinə yıxılıb və ürəyi dayanıb. Həmin an oyunda hesab 1:1 olub. Hər iki komandanın həkim briqadaları dərhal futbolçunun yanına qaçaraq kömək göstərməyə başlayıblar. Tezliklə Tom xərəkdə tribuna otağına aparılıb və oradan xəstəxanaya göndərilib. Futbolçu burada özünə gəlib.

Bu gün mətbuatda “Bornmut” – “Luton Taun” oyununun ilk dəqiqədən təkrar oynanılacağı ilə bağlı məlumat yayılıb. Lakin Premyer Liqa hələ bu matçla bağlı rəsmi qərarını açıqlamayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: