Mikel Merino 32 milyon avroya “Arsenal”da!

İspaniyanın “Real Sosyedad” klubunun mərkəz yarımmüdafiəçisi Mikel Merino bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“Topçular” bu transferi 32 milyon avroya rəsmiləşdiriblər. İspaniyadan olan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan bəri “Real Sosyedad”da çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində 242 oyun keçirib, 27 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub.

2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino, millidə 28 oyuna 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Mikel Merinonu heyətinə qatan “Arsenal” iki futbolçusu ilə də yollarını ayırıb. Hücumameyilli yarımmüdafiəçi Fabio Vieyra Portuqaliyanın “Portu” klubuna icarəyə verilib. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi yetirməsi olduğu klubda icarədə çıxış edəcək. “Arsenal” Fabionu 2022-ci ilin yayında məhz “Portu”dan 35 milyon avroya transfer etmişdi. Vieyra “topçular”ın heyətində 49 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə müəllifi olub. O, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

London klubunun mərkəz yarımmüdafiəçisi Çarli Patino isə “Arsenal”ı birdəfəlik tərk edərək “Deportivo”ya keçib. İspaniya klubu 20 yaşlı ingilis futbolçunu 1,2 milyona transfer edib. Gənc oyunçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Çarli Patino “Arsenal”ın yetirməsidir. O, “topçular”ın əsas komandasında 2 oyuna 1 qol vurub. Çarli əvvəlki mövsümlərdə “Bləkpul” və “Suonsi Siti” kimi klublarda icarədə də olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: