Mikel Oyarsabal müstəsna nailiyyətə imza atdı

Futbol üzrə İspaniya yığmasının mərkəz hücumçusu Mikel Oyarsabal əldə etdiyi müstəsna nailiyyəti ilə adını futbol tarixinə yazıb.

Arena.az xatırladır ki, Oyarsabal AÇ-2024-ün final oyununda İngiltərə yığmasının qapısına həlledici qolun müəllifi olub və İspaniya millisinin 2:1 hesablı qələbə sayəsində Avropa çempionluğunu qazanmasını təmin edib.

Oyarsabal karyerası ərzində dörd final oyununda – Olimpiya Oyunlarının, İspaniya Kral Kubokunun, UEFA Millətlər Liqasının və Avropa Çempionatının həlledici oyunlarında meydana çıxıb və hər birində qolla fərqlənib.

Mikel Oyarsabal futbola “Eybar”da qədəm qoyub. Buradan “Real Sosyedad”a keçmiş hücumçu 2016-cı ilin yanvarında bask klubunun əsas komandasına keçirilib.

Mikel Oyarsabalın “Real Sosyedad”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bask klubu komandanın kapitan sarğısını məhz Mikel Oyarsabala etibar edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Oyarsabal “Real Sosyedad”ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb. O, bu oyunlarda 14 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib. Oyarsabalın “Real Sosyedad”ın heyətində çıxışının ümumi mənzərəsi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 344 oyun, 97 qol, 53 məhsuldar ötürmə.

Mikel Oyarsabal 2016-cı ilin mayında debüt etdiyi İspaniya yığmasının heyətində 37 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

Mikel Oyarsabalın qənimətlər muzeyində “Real Sosyedad”la qazandığı İspaniya Kral Kuboku (2019/2020) və İspaniya yığması ilə qazandığı Avropa çempionatı (2024) var. Oyarsabal həmçinin İspaniyanın U-21 yığması ilə 2019-cu ildə keçirilmiş gənclərin Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 ispaniyalı mərkəz hücumçusunun trasnfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: