Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gəlib. İlk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhənginə səfərdə heç-heçə də kifayət edirdi. “Zadəganlar” isə mərhələ adlamaq üçün Çempionlar Liqasının son qalibi olan bu rəqibini darmadağınla məğlub etməliydi. Amma londonlular bunu bacarmayıblar. Əvəzində səfərdə də inamlı qələbə qazanan Madrid təmsilçisi yarımfinala yüksələn tərəf olub.
Günün digər oyunu İtaliyanın iki təmsilçisi – “Napoli” ilə “Milan” arasında olub. Bu komandaların ilk oyununda da milanlılar qələbə sevinci yaşamışdılar. Qonaqlara Neapolda heç-heçə də kifayət edirdi. “Napoli” isə yalnız inamlı qələbə qazanacağı halda mərhələ adlaya bilərdi. Amma bu görüşdə heç-heçə qeydə alınıb. Beləcə, iki oyunun nəticəsinə görə yarımfinala “Milan” yüksəlib.
UEFA Çempionlar Liqasında 1/4 finalın digər cavab oyunları aprelin 19-da keçiriləcək. Almaniyanın “Bayern” klubu doğma meydanda İngiltərə təmsilçisi “Mançester Siti” ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda “şəhərlilər” 3:0 hesablı qələbəyə seviniblər. Günün digər oyunu İtaliya “İnter”i ilə Portuqaliya “Benfika”sı arasında baş tutacaq. Milanlılar səfərdə 2:0 hesablı qələbə qazandığından yarımfinala yüksəlməyə daha yaxın görünürlər.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
18 aprel
Çelsi (İngiltərə) – Real (İspaniya) 0:2
Qol: Rodriqo, 58; 80.
Baş hakim: Daniel Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 0:2.
Napoli (İtaliya) – Milan (İtaliya) 1:1
Qol: Osimhen, 90+3 – Jiru, 43.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Neapol. “Dieqo Armando Maradona” stadionu.
İlk oyun – 0:1.


