Minifutbol yığmamız AÇ-nin yarımfinalında Serbiya ilə üz-üzə

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş isə saat 21:15-də başlayacaq.

Xatırladaq ki, F qrupunda yer almış Azərbaycan millisi Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək 1/8 finala vəsiqə qazanmışdı. Millimiz bu mərhələdə Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) üstələmişdi.

Minifutbol üzrə Avropa çempionatına iyunun 4-də keçiriləcək final matçı ilə yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: