Minsk “Dinamo”su ev oyunlarını Sumqayıtda keçirəcək – Rəsmi

Minsk “Dinamo”su (Belarus) futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Azərbaycanda keçirəcək.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Belə ki, sözügedən klub rəqiblərini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.

Minsk “Dinamo”su oktyabrın 3-də Sumqayıtda Şotlandiyanın “Harts” komandası ilə qarşılaşacaq. Bu oyuna saat 20:45-də start veriləcək. Belarus təmsilçisi noyabrın 28-də Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək. Bu oyun saat 21:45-də başlayacaq. “Dinamo” dekabrın 12-də də Şimali İrlandiyanın “Larn” komandasını Sumqayıtda qəbul edəcək. Son oyuna da saat 21:45-də start veriləcək.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək. Bir sözlə, bu oyunları nə iştirakçı komandaların tərəfdarları, nə də azərbaycanlı azarkeşlər izləyə biləcəklər.

Xatırladaq ki, Belarus Rusiyanın Ukrayna ilə müharibəsinə dəstək verdiyi üçün UEFA tərəfindən cəzalandırılıb. Bu üzdən də sözügedən ölkənin milli komandaları və klubları beynəlxalq oyunlarını neytral meydanlarda, özü də azarkeşsiz keçirmək məcburiyyətində qalıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: