Xizək kurortunda qəza yaşayaraq əlilə çevrilmiş Mixael Şumaxerə faciədən dərhal sonra niyə lazımi kömək göstərilmədiyi məlum olub.
Arena.az məlumat verir ki, alman jurnalist Yens Gideon xizək üzrə təlimatçı Andre ilə birlikdə ARD-da podkastında çıxışı zamanı, xizək kurortunda ağır kəllə-beyin zədəsi almış yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin keçirdiyi qəzanın təfərrüatını paylaşıb.
Xatırladaq ki, Andre 2013-cü ildə hadisə yerinə ilk gələnlərdən olub.
O anın dəhşətlərini xatırlayan Andre təəssüflə bildirib: “Dəbilqəsi məhv olmuşdu, amma kamera hələ də üstündə idi”, deyə Andre açqlayıb.
Gideon və Andre bildiriblər ki, qəzadan sonra Şumaxerin huşu əvvəlcə bir müddət özündə olub. Ola bilər ki, məhz bu səbəbdən fövqəladə yardım xidmətinin əməkdaşları Mixaelin vəziyyətini düzgün qiymətləndirmək baxımından yanılıblar. Amma Şumaxeri xəstəxanaya təxliyə edərkən onun vəziyyəti kəskin pisləşib.
“Mixael Şumaxerin şüuru üstündə olmasaydı, yəqin ki, ona dərhal süni ventilyasiya veriləcək və birbaşa reyslə Qrenobla göndəriləcəkdi. Ola bilsin ki, Şumaxer müalicə üçün Qrenobla dörddə üç saat tez gələ bilərdi”, deyə Gideon bildirib.
Güman edilir ki, belə bir ssenari gerçəkləşsəydi, bu, hazırda 54 yaşlı Mixael Şumaxerin bu gün yaşadığı hala düşməsinə səbəb olmaya bilərdi.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin son günlərində Alp dağlarında xizəklə sürüşərkən qəzaya uğramış və ağır kəllə-beyin zədəsi alımışdı. Əfsanəvi pilotun müalicəsi onu süni koma vəziyyətinə salmaqla davam etdirilmişdi. Müalicəsinə xeyli vəsait xərclənmiş və komadan ayılmış Şumaxer hazırda ancaq ən yaxın ətrafının əhatəsində ömür sürür və səhhəti haqda çox az adam məlumatlıdır. Məşhur pilotun həm sərbəst hərəkət edə bilmədiyi, həm də ətrafı ilə sərbəst ünsiyyət qura bilmədiyi məlumdur.


