“Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrik London təmsilçisinin baş məşqçisi Entso Mareska haqda danışıb.
Arena.az ukraynalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Onunla işləmək mənə xoş gəldi. Entsonun oyun tərzi mənə mütləq kömək edəcək. Yeni mövsümdə necə oynayacağımız maraqlı olacaq. Ümidvaram ki, uğur qazanacağıq. Gəlin prosesə etibar edək, sonra isə oyunlardan həzz alaq”, deyə Mudrik vurğulayıb.
Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.
Geridə qalmış 2023/2024 mövsümündə Mudrik “zadəganlar”ın heyətində 41 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib. O, paytaxt təmsilçisində bütövlükdə 58 matça çıxıb, 7 qol və 4 assistlə yadda qalıb.
Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.
Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 23 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


