Miyatoviç Rodriqo haqda: “İtirməyincə, qədrini bilməyəcək”

“Real”ın sabiq futbolçusu və idman direktoru Predraq Miyatoviç “qaymaqlılar”ın braziliyalı vingeri Rodriqo Qoes haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, çernoqoriyalı mütəxəssis Rodriqonun “Real”ı tərk edib “Mançester Siti”yə keçmək istəməsi haqda məlumata münasibətini açıqlayıb:

“Mən “Real”da ayrılarkən yanıldım. Futbolçular “Real”ın onlara nə verdiyini bilmirlər. Onlar bunu ancaq klubda olmayanda anlamağa başlayırlar. Məndən nə vaxt bu haqda soruşsalar, cavab verirəm ki, “Real”ın oyunçusu olmaq çox çətindir, amma bu komandadan ayrılmaq çox asandır, amma bunu hamı başa düşmür”, deyə Miyatoviç bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, fransalı ulduz hücumçu Kilian Mbappenin yaxınlarda “Real”a gəlişi ilə əlaqədar, Rodriqonun “qaymaqlılar”ın düşərgəsini tərk edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.

Vurğulanır ki, braziliyalı vingerin xidmətində “Mançester Siti” maraqlıdır, Rodriqonun özü isə “şəhərlilər”in ispan mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında nümayiş etdirdirdiyi oyunu bəyənir.

Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 215 oyuna çıxıb, 54 qol vurub, 41 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 50 oyuna 17 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sağ vinger Rodriqo Qoesin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: