Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 28-ci tur çərçivəsində doğma meydanda “Lilleström” ilə üz-üzə gəlib.
“Qarabağ”ın rəqibi bu oyunda darmadağına sevinib – 4:0. Meydan sahibləri 4-cü dəqiqədə rəqib futbolçunun avtoqoluna seviniblər. Sonrakı dəqiqələrdə Veton Berişa dubl edib (11 və 23-cü dəqiqələrdə), oyunda son nöqtəni isə Eyrik Hestad qoyub.
Ardıcıl dörd məğlubiyyətdən sonra nəhayət ki, qələbə üzü görən “Molde” bu mövsüm keçirdiyi 28 oyunda 47 xal toplayıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.
“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.


