“Monako” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan Bril Embolonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Klublar bu transferin detallarını açıqlamasalar da, yerli mətbuat Fransa təmsilçisinin qarşı tərəfə 12.5 milyon avro ödəyəcəyini yazır.
Bril Embolo 2019-cu ilin iyun ayından “Borussiya”nın formasını geyinirdi. Forvard Mönhenqladbax təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 106 matça çıxıb, 25 qol vurub. O, daha öncə Almaniyada “Şalke”nin, İsveçrədə isə “Bazel”in formasını geyinib. Kamerunda doğulsa da, İsveçrə yığmasında oynamağa üstünlük verən futbolçu, bu komandada 56 oyuna 9 qol vurub.
Sonda onu da qeyd edək ku, bu, “Monako”nun yeni mövsüm öncəsi ikinci transferidir. Knyazlıq təmsilçisi daha öncə “Liverpul”dan Takumi Minaminonu transfer etmişdi.