“Montsa” “İnter”in futbolçusunu icarəyə götürdü

Futbol üzrə İtaliya A Seriyasına mübarizə aparan “Montsa” klubu heyətinə yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, elita təmsilçisi Milan “İnter”inin sol cinah müdafiəçisi Franko Karbonini heyətinə qatıb.

Bu barədə “Montsa” klubunun rəsmi saytı məlumat yayıb. Argentinadan olan, İtaliya vətəndaşlığına da malik 19 yaşlı futbolçu 2024-cü ilin 30 iyununa kimi icarəyə götürülüb. Müqavilədə həm satınalma, həm də “İnter”in gələcəkdə gerisatınalmasına dair şərtlər nəzərdə tutulub.

“Lanus” və “Kataniya”nın aşağı ya qrupları üzrə komandalarında oynamış Franko Karboni, 2020-ci ilin yanvar ayından “İnter”dədir. Gənc müdafiəçi hələ bu klubun əsas komandasında debüt şansı qazanmayıb. O, bu mövsümün ilk dövrəsini “Kalyari”də icarədə keçirib.

Karboni vaxtilə İtaliyanın U-18 yığmasında oynasa da, hazırda Argentinanın U-20 millisində forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: