Norveçin “Fredrikstad” klubunun mərkəz yarımmüdafiəçisi Morten Byörlo bundan sonra “Konyaspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
Super Liqa təmsilçisi bu tansferi 650 min avroya rəsmiləşdirib. 29 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalanıb.
Morten Byörlo “Staal Yorpeland” klubunun yetirməsidir. O, karyerası ərzində “Sola”, “Egersund”, “Nest-Sotra”, “Strömmen”, “HamKam”, “Rusenburq” kimi klubların da şərəfini qoruyub. Yarımmüdafiəçi “Fredrikstad”a 2024-cü ilin fevralında “Rusenborq”dan 170 min avro müqabilində keçmişdi. O, sonuncu klubunun heyətində 35 oyuna çıxıb, 13 qol və 6 assistlə yadda qalıb.

“Konyaspor” “Karacabey Belediyespor” klubunun qapıçısı Ahmet Daşı da heyətinə qatıb. 24 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanb. Transferin digər detalları açıqlanmır. Türkiyəli qapıçı daha öncə “Tavşanlı Linyitspor”, “Afyonspor”, “Sultanbeyli Belediyespor” kimi klublarda da çıxış edib.

“Konyaspor” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Super Liqa təmsilçisi xorvatiyalı dayaq yarımmüdafiəçisi Niko Rak ilə müqaviləsinə xitam verib. 21 yaşlı futbolçu Super Liqa təmsilçisini azad agent kimi tərk edib və hazırda özünə yeni klub axtarır. “Şibenik”in yetirməsi olan xorvat futbolçu 2023-cü ilin martında 200 min avroya transfer edildiyi Türkiyə klubunda cəmi 9 oyuna çıxıb və 1 assist müəllifi olub. O, Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə cəlb edilməyib.
Konya klubu üç oyunçusunu da icarəyə verib. Belə ki, dayaq yarımmüdafiəçisi Ufuk Akyol (27 yaş) “Erokspor”a, qapıçı Bahadır Güngördü (29 yaş) “İğdır”a, seneqallı hücumçu Buli Junior Sambu (26 yaşı) “Şanlıurfaspor”a keçiblər. Onların hər biri bu mövsümün sonunadək icarədə olacaq və mövsüm bitən kimi “Konyaspor”un düşərgəsinə qayıdacaq.


