MS və “İnter” də 1/4 finala yüksəldi – UEFA Çempionlar Liqasında

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Portuqaliyada yerli “Portu” İtaliya təmsilçisi “İnter”lə münasibətlərinə aydınlıq gətirib. İlk matçda Milan təmsilçisi tək qolla qalib gəlmişdi. Portuqaliya klubu doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Lakin meydan sahiblərinin bu arzusu gerçəkləşməyib. Qolsuz heç-heçə Milan təmsilçisini növbəti mərhələyə daşıyıb.

Turnirin favoritlərindən sayılan İngiltərə çempionu “Mançester Siti” isə səfərdə müqavimətini qıra bilmədiyi Almaniya “Leypsiq”ini qəbul edib. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv doğma meydanda əsl şou nümayiş etdirib. Evdə bu rəqibini əzici hesabla yenən “şəhərlilər” sürprizə imkan verməyiblər. Erlinq Halandın penta-trikə imza atdığı qarşılaşmada komandası 7 (!) cavabsız qola sevinib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə martın 15-də keçiriləcək son iki oyunla yekunla vurulacaq. “Napoli” (İtaliya) “Ayntraxt”ı (Almaniya), “Real” (İspaniya) isə “Liverpul”u (İngiltərə) qəbul edəcək. İlk oyunda Neapol və Madrid təmsilçiləri müvafiq olaraq 2:0 və 5:2 hesablı səfər qələbəsinə seviniblər.

Daha öncə “Bayern” (Almaniya), “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və “Benfika” (Portuqaliya) da 1/4 finala vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
14 mart

“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya) 7:0
Qollar: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: