Azərbaycan atleti Muhəmmədəli Məmmədzadə Moldovada təşkil olunmuş yeniyetmələrin Avropa birinciliyində 3 medal qazanıb.
Arena.az xəbər verir ki, o, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb. O, bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Muhəmmədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 255 kq (117+138) nəticə göstərən Muhəmmədəli Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.
Bununla da Azərbaycan yığması üçün bu Avropa çempionatı başa çatıb. Çünki Məmmədzadə yığmamızın heyətində körpücük üzərinə çıxan sonuncu atlet idi.
İyulun 1-də başlamış Avropa birinciliyinə ayın 10-da yekun vurulacaq. Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən qitə birinciliyində bütövlükdə 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.
Kişinyova 11 atletlə yollanmış Azərbaycan yığması toplam 14 medal qazanıb. Atletlərimiz 8 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər.
Daha öncə Hüseyn Heydərov (yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq) və Ravin Alməmmədov (yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq) bütün göstəricilərdə rəqiblərini üstələyərək hərəyə 3 qızıl medal qazanmışdılar. Onlardan öncə millimizin üzvlərindən Amin Osmanov 1 qızıl, 2 gümüş, Turan Əliyevlə Yunis Bayramov isə hərəyə 1 bürünc medal qazanmışdılar.


