Türkiyənin “Sivasspor” klubu üç futbolçusu – Murat Paluli, Ali Şaşal Vural və Alaaddin Okumuş ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Hər üç futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb. Onların əvvəlki müqavilələrinin müddəti 2024-cü ilin 30 iyununa kimi idi. Lakin klub rəhbərliyi və məşqçilər heyəti bu oyunçuların komandada qalmasına qərar veriblər.
Murat Paluli 2022-ci ilin iyul ayından “Sivasspor”da çıxış edir. 29 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində 52 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu “Göztəpə”, “Hatayspor”, “Ərzurumspor” və “Körfez İskenderunspor” kimi klublarda da forma geyinib.
Ali Şaşal Vural 2016-cı ilin yayından Sivas klubunda çıxış edir. 33 yaşlı türkiyəli qapıçı bu komandada 174 oyuna çıxıb. O, bu oyunlarda 232 qol buraxıb, 50 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Vural daha öncə “Altay” və “Əskişəhərspor”da da oynayıb.
Alaaddin Okumuş 2021-ci ilin yanvarından “Sivasspor”dadır. 28 yaşlı sağ cinah müdafiəçisi 2021/2022 mövsümündə “Samsunspor”da icarədə olsa da, yenidən Sivas klubuna qayıdıb. O, bu komandanın heyətində 41 oyuna çıxıb, 3 məhsuldar ötürmənin müəllifi olub. Türkiyəli futbolçu karyerası ərzində “Hacettepe”, “Ümraniyəspor”, “Kastamonu 1966”, “Kastamonuspor”, “Ankaragücü” kimi klubların da formasını geyinib. Okumuş Türkiyənin U-17 yığmasında forma geyinsə də, sonradan milli komandalara lazım olmayıb.


