Mussa Diabi yenidən “Bayer”də!

Fransa millisinin və “Əl-İttihad”ın sağ vingeri Mussa Diabi bundan sonra Almaniyanın “Bayer” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bayer” bu keçid üçün Səudiyyə Ərəbistanı klubuna 30 milyon avro ödəyib. 27 yaşlı cinah hücumçusu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Xatırladaq ki, Mussa Diabi daha öncə uzun illər “Bayer”in formasını geyinib. O, 2019-2023-cü illər aralığında Leverkuzen təmsilçisinin heyətində 172 oyuna çıxıb, 49 qol vurub, 47 məhsuldar ötürmə verib.

Diabi “Əl-İttihad”a 2024-cü ilin yayında “Aston Villa”dan 60 milyon avro müqabilində keçmişdi. O, bu komandanın heyətində 73 oyuna 11 qol və 33 assistlə yadda qalıb.

Mussa Diabi Fransanın PSJ klubunun yetirməsidir. O, İtaliyada “Krotone”nin də formasını geyinib.

Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Diabi, 2021-ci ildən əsas millidə forma geyinir. O, Fransa milli komandasının heyətində meydana çıxdığı 11 oyunda cəmi 1 assistlə yadda qalıb.

Mussa Diabinin qənimətlər muzeyində PSJ ilə 2018/2019-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu və Fransa Super Kuboku var. Diabi “xoruzlar”ın heyətində 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: