MY-də ciddi itki – Coşua Zirkze sıradan çıxdı

İngiltərənin “Mançester Yunayted” klubunun niderlandlı hücumçusu Coşua Zirkze bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Ruben Amorim klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqal mütəxəssis 23 yaşlı futbolçunun bir neçə oyuna çıxa bilməyəcəyini söyləyib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 32-ci turunda “Nyukasl”la matçın (1:4) 55-ci dəqiqəsində budundan zədə alan futbolçu oyunu davam etdirə bilməyib.

Mərkəz hücumçusu olan Coşua Zirkze futbola “Vlardingen” klubunda qədəm qoyub. Yeniyetməlik illərində “Spartan ‘20”, “ADO Den Haaq”, “Feyenoord” və “Bayern”in futbol məktəblərini dolaşmış Zirkzenin böyük futbolda debütü Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Sonralar Zirkze “Parma”, “Anderlext” və “Bolonya”da çıxış edib.

“Mançester Yunayted” Zirkzeni 2024-cü ilin iyulunda 42,5 milyon avro məbləğ müqabilində “Bolonya”yadan tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zirkze “Mançester Yunayted”in heyətində 48 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Coşua Zirkze 2024-cü ilin iyulunda debüt etdiyi Niderland yığmasının heyətində 6 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Coşua Zirkzenin qənimətlər muzeyində olan bütün qənimətlər Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır – Almaniya çempionluğu (3 dəfə), Almaniya Kuboku, Almaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku.

“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: