PSJ-nin prezidenti Nasser Əl-Xelaifi parislilərin ispan baş məşqçisi Luis Enrikenin PSJ-dəki gələcəyi haqda söhbət açıb.
Arena.az jurnalist Florian Plettenberqə istinadən məlumat verir ki, qətərli iş adamının səsləndirdiyi fikrə əsasən, ispan mütəxəssis Fransa nəhənginin sükanı arxasındakı gələcəyindən narahat olmaya bilər:
“Mənim fikrimcə, indi dünyanın ən yaxşı məşqçisi ixtiyarımızdadır. O, gələcək üçün layihə qurur. Nəticələr vacibdir, amma biz əvvəlki tək öz layihəmizə diqqətimizi cəmləyib köklənmişik”, deyə Nasser Əl-Xelaifi vurğulayıb.
Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Enrike PSJ-ni ümumilikdə 71 oyuna çıxarıb. Parislilər 45 qələbə qazanıblar, 16 heç-heçə ediblər və 10 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 164:69 nisbətindədir.
Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.
Fransa Liqa 1-in 13 turundan sonra 33 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyiciləri – Marsel “Olimpik”i və “Monako”nu (hər biri 26 xal) 7 xal qabaqlayır.
Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ ələmə mərhələsinə birbaşa çıxacaq ilk səkkizliyə düşmək imkanını artıq itirib. Ələmə mərhələsinin başa-baş oyunlarına vəsiqə üçün isə PSJ-ni qarşıdakı 3 oyunda ciddi sınaq gözləyir.


