“Neftçi-2” gümüş medallara qovuşdu – FOTOLAR

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün gümüş mükafatçısı “Neftçi-2” komandası medallarına qovuşub.

Arena.az xəbər verir ki, sözügedən komanda Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” oyunundan əvvəl mükafatlandırılıb.

“Neftçi-2”yə medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev və klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim ediblər.

Xatırladaq ki, paytaxt klubunun əvəzediciləri Birinci Divizionda geridə qalan mövsümü 59 xalla ikinci pillədə başa vurub. Komanda keçirdiyi 28 oyunda 18 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.