“Neftçi” 2025/26 mövsümü üçün səfər formasını təqdim etdi

Premyer Liqa təmsilçisi “Neftçi” 2025/2026-cı illər mövsümünün səfər oyunlarında istifadə edəcəyi formaları təqdim edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 2025/26 mövsümünün səfər forması bu ilin payızında qeyd edəcəyimiz şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş oyun dəstidir. “Kappa” tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib və hazırlanıb.

Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir – o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir. Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.

Xatırladaq ki, “ağ-qaralar” daha öncə ev oyunları üçün formalarını da təqdim etmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: