“Neftçi” “Fənərbaxça”ya da uduzdu, Mutunun debütü uğursuz oldu

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün “Matç TV” Kuboku çərçivəsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisinin bu turnirdəki sonuncu rəqibi Türkiyənin “Fənərbaxça” komandası olub.

Sankt-Peterburqdakı “Smena” stadionunda baş tutan bu matçın taleyini bir qol həll edib. İstanbul təmsilçisinin hücumçusu Edin Dzekonun ikinci hissədə vurduğu qol Türkiyə klubuna qələbə qazandırıb – 1:0. Bu yay Milan “İnter”indən “Fənərbaxça”ya keçən bosniyalı hücumçu yeni komandasındakı ilk qolunu məhz Azərbaycan klubuna qarşı oyunda vurub.

Bu oyun “ağ-qaralar”ın yeni baş məşqçisi Adrian Mutunun rəhbərliyi altında ilk sınaq idi. Rumıniyalı mütəxəssis cəmi bir məşqdən sonra yeni komandasını meydana çıxarıb. Belə ki, Mutu və köməkçiləri paytaxt təmsilçisindəki işinə ötən gündən start vermişdilər. Komanda ötən axşam “Zenit” klubunun təlim-məşq mərkəzində Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxmışdı.

Xatırladaq ki, “Neftçi” “Matç TV” Kubokundakı əvvəlki oyunlarını da məğlubiyyətlə başa vurmuşdu. Komanda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabıyla uduzmuşdu. Beləliklə, “ağ-qaralar” bu turniri üç məğlubiyyətlə başa vuraraq sonuncu yeri tutublar. “Srvena Zvezda” isə çempion olub.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Matç TV Kuboku
15 iyul

“Neftçi” – “Fənərbaxça” 0:1
Qol: Edin Dzeko, 73.
Sankt-Peterburq. “Smena” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: