“Neftçi” kapitanına Sankt-Peterburqda qovuşdu – Fotolar

Rusiyaya beynəlxalq turnirə yollanan “Neftçi” Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi toplanışın 8-ci günündə bir məşqlə kifayətlənib.

Bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində “ağ-qaralar”la yeni müqavilə bağlayan kapitan Emin Mahmudov da iştirak edib.

Bakıya qayıdıb klubun sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da müayinə olunan Aqil Məmmədovun olmadığı məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Sankt-Peterburq” otelində məskunlaşan komanda iyulun 1-də “Matç TV Kuboku”ndakı ilk oyununda “Zenit”lə qarşılaşıb və 1:3 hesabıyla məğlub olub. Flaqman iyulun 8-də Bakı vaxtı ilə saat 20:30-dan Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşacaq. Ayın 15-də isə (saat 15:00-da) Türkiyənin “Fənərbaxça” komandası ilə oyun baş tutacaq. Hər iki görüş “Smena” stadionunda keçiriləcək.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Bu oyun klubun rəsmi telekanalı vasitəsilə canlı nümayiş etdiriləcək.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: