Sabah Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Arena.az xəbər verir ki, “ağ-qaralar”ın 3 oyunçusu hələ də kollektivə qoşulmayıb.
Qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan vinger Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Fələstin millisi ilə Asiya Kubokunda çıxışını başa vuran yarımmüdafiəçi Ataa Caber isə müalicə alır.
Bundan başqa, müdafiəçi Azər Salahlı da ötən turda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb. Bu üzdən o da “Sumqayıt”la səfər oyununu buraxacaq.
Xatırladaq ki, fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək bu oyuna saat 15:00-da start veriləcək. “Neftçi” 20 turdan sonra 32 xalla ikinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 31 xalla üçüncüdür. Bu üzdən də sözügedən oyuna maraq kifayət qədər böyükdür.


