Neto “Arsenal”ın qapısını qoruyacaq

İngiltərənin “Bornmut” klubunun braziliyalı qapıçısı Norberto Murara Neto icarə müqaviləsi əsasında “Arsenal”a keçib.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

“Topçular” 35 yaşlı qolkiperi bu mövsümün sonunadək icarəyə götürüblər. İtaliya vətəndaşlığı da olan braziliyalı qolkiper “Arsenal”da ehtiyat qapıçı olacaq.

Neto “Bornmut”dan öncə “Atletiko Paranaense”, “Fiorentina”, “Yuventus”, “Valensiya”, “Barselona” kimi klublarda da froma geyinib. O, Braziliya yığmasında da 1 oyun keçirib.

“Arsenal” tunisli mərkəz müdafiəçisi Omar Rekiklə də yollarını ayırdığını açıqlayıb. 22 yaşlı futbolçu hazırda azad agentdir və karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.

Omar Rekik “Arsenal”da əsas komandaya yüksələ bilməyib. O, bu illər ərzində daha çox “Sparta” (Rotterdam), “Uiqan” və “Servett” kimi klublarda icarədə olub. Niderland vətəndaşlığı da olan Rekik Tunis yığmasında 3 oyun keçirib.

“Bornmut” Netodan başqa daha iki oyunçusunu icarəyə verib. Gənc hücumçu Daniel Jebbison “Uotford”a keçib. 21 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Əslən Kanadadan olan ingiltərəli forvard “Bornmut”a elə bu yay cəlb olunmuşdu. O, Premyer Liqa klubunda 3 oyun keçirsə də, fərqlənə bilməyib. Jebbison “Şeffild Yunayted”, “Barton Albion”, “Çorli” klublarında da forma geyinib.

Mərkəz müdafiəçisi Kris Mefam isə “Sanderlend”ə keçib. Uels yığmasının da üzvü olan 22 yaşlı futbolçu cari mövsümün sonunadək icarədə çıxış edəcək. “Bornmut”da 121 oyun keçirmiş, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olmuş Mefam, daha öncə “Brentford”da da oynayıb. O, Uels yığmasında 36 oyun keçirib.

Yeri gəlmişkən, Fransanın “Lans” klubunun dayaq yarımmüdafiəçisi Salis Abdul Samed də “Sanderlend”ə keçib. İngiltərə klubu onu da bu mövsümün sonunadək icarəyə götürüb. Qana yığmasında 19 oyun keçirmiş 24 yaşlı futbolçu “Lans”dan öncə “Klermon”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: