Neymar 980 gün sonra Braziliya millisində meydana çıxdı!

Futbol üzrə Braziliya millisinin tarixinin ən məhsuldar hücumçusu Neymar 980 günlük fasilədən sonra yenidən yığmanın heyətində meydana çıxıb.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya yığmasına qarşı keçirdikləri oyunun 76-cı dəqiqəsində meydana daxil olub.

Bununla da o, 18 oktyabr 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin formasını geyinib.

Təcrübəli futbolçu mundialın ilk iki oyununu baldır əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun Şotlandiya ilə matçda meydana çıxması həm futbolçu, həm də Braziliya millisi üçün əlamətdar hadisə olub.

Yığmanın lideri həm də 4 dünya çempionatında meydana çıxmış dördüncü braziliyalı oyunçu olub. Daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak etmişdi.

Neymar Braziliya millisinin heyətində 129-cu oyununu keçirib. O, 79 qolla “sambaçılar”ın tarixinin ən yaxşı bombardiridir.

Qeyd edək ki, Neymarın dünya çempionatları zədələrlə yadda qalıb. O, DÇ-2022-də Serbiya ilə qrup oyununda (2:0) zədələnmişdi. DÇ-2018 ərəfəsində sağ ayağından aldığı zədədən üç ay sonra meydana qayıdan futbolçu turnirə tam hazır vəziyyətdə qatıla bilməmişdi. DÇ-2014-də isə Kolumbiya ilə 1/4 final qarşılaşmasında bel fəqərəsinin sınığı səbəbindən yarımfinalı buraxmışdı. Həmin oyunda Braziliya Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu.

Neymar Braziliya millisinin heyətində Olimpiya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, həmçinin Konfederasiyalar Kubokunun qalibi və Amerika Kubokunun finalçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: