“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar arzu edənlərə bilet satdığı öz səyahət gəmisi ilə dənizə çıxıb.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Ulduz futbolçunun gəmisi bu gün, dekabrın 27-də saat 00:00-da Santosdan yola düşüb və üç gün okeanda olacaq. Gəmi Rio-de-Janeyronun cənub zonasına üzəcək, sonra isə geri qayıdacaq.
Səyahətdə Neymardan başqa, onun ailə üzvləri və dostları, həmçinin gəmiyə 1000 avrodan 6000 avroya qədər bilet almış hər kəs iştirak edir.
Səfər zamanı üç məclis olacaq: ağ, kostyum və tropik geyimlərdə. Bundan əlavə, gəmidə bir çox müxtəlif tədbirlər və Braziliyanın məşhur sənətçilərinin konsertləri keçiriləcək.
Həmçinin, səyahət zamanı bütün sərnişinlər kazino, ixtisaslaşdırılmış mağazalar, boulinq, oyun otağı, 4D kinoteatr, akvapark, idman zalı, spadan istifadə edə, həmçinin teatr tamaşalarına baxa və dünyanın müxtəlif ölkələrindən gətirilmiş qastronomik təamları dada bilərlər.


