Futbol üzrə Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdikləri oyunda zədələnmişdi.
O, qarşılaşmanın ilk hissəsində dizindən xəsarət aldığı üçün 45+4-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Göz yaşları içində meydanı tərk edən forvardın zədəsi gözləniləndən də ağır olub. Belə ki, futbolçunun klubu “Əl-Hilal” onun tibbi müayinələrdən keçdiyini açıqlayıb. Müayinələr nəticəsində Neymarın sol diz ön çarpaz bağlarının yırtıldığı üzə çıxıb. Buna görə də futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Ulduz oyunçu buna görə uzun müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində Fransa çempionu PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə o, “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib.
Braziliya millisinin ulduzu daha öncə PSJ, “Barselona” və “Santos”da da forma geyinib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


